Energetika naziri: "Energetika sistemində ciddi transformasiyanın şahidiyik"

Energetika naziri: "Energetika sistemində ciddi transformasiyanın şahidiyik" Hazırda qlobal səviyyədə energetika sistemində çox ciddi transformasiyanın şahidiyik. Ölkələr intensiv şəkildə enerji keçidi prosesləri həyata keçirir, müasir çağırışlara cavab verən inkişaf modelləri tətbiq edirlər.
Energetika
7 Aprel , 2023 16:38
Energetika naziri: Energetika sistemində ciddi transformasiyanın şahidiyik
Pərviz Şahbazov

Hazırda qlobal səviyyədə energetika sistemində çox ciddi transformasiyanın şahidiyik. Ölkələr intensiv şəkildə enerji keçidi prosesləri həyata keçirir, müasir çağırışlara cavab verən inkişaf modelləri tətbiq edirlər.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "Elektroenergetika haqqında" qanun layihəsinin III oxunuşu zamanı bildirib.

"Təbii ki, dünya iqtisadi sisteminin bir parçası olan, xüsusilə dünyanın enerji xəritəsində mühüm rola malik ölkə kimi Azərbaycan da bu proseslərdən kənarda qala bilməz. Bu amilləri nəzərə alaraq, Prezidentin imzaladığı fərman və sərəncamlarda energetika sistemində islahatların növbəti mərhələsi ilə bağlı böyük uzaqgörənliklə irəli sürülmüş konkret vəzifələr sırasında beynəlxalq təcrübə nəzərə alınmaqla "Elektroenergetika haqqında" yeni qanun layihəsinin, elektroenergetika sektorunda rəqabətə əsaslanan bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi kimi tapşırıqlar var. Bunlarla yanaşı, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik cəhətdən ayrılması, bazar qaydalarının hazırlanması, müstəqil təchizat subyektlərinin fəaliyyətinin təşviq edilməsi, zəruri tənzimləyici mühitin formalaşdırılması ilə ümumilikdə bazar prinsiplərinin tətbiqi nəzərdə tutulub", - deyə o qeyd edib.

P. Şahbazov həmçinin bildirib ki, burada ana məqsəd sosial statusundan asılı olmayaraq bütün vətəndaşların, habelə iqtisadiyyatın əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsindən ibarətdir: "Bununla yanaşı, bazar prinsiplərinin tətbiqi energetika sahəsində yuxarıda qeyd etdiyimiz müasir inkişaf istiqamətləri üçün əlverişli şəraitin yaradılmasını, resurslardan səmərəli istifadənin stimullaşdırılmasını, dövlətin maliyyə yükünün azaldılmasını, özəl investisiyalar üçün münbit mühiti təmin edəcək".

Nazirin sözlərinə görə, beynəlxalq təcrübə əsasında hazırlanaraq təqdim edilmiş yeni "Elektroenergetika haqqında" qanun layihəsi məhz bu məqsədlərdən irəli gələrək islahatların növbəti mərhələsi üçün hüquqi mexanizm formalaşdıracaq.

Son xəbərlər

Orphus sistemi