Norveçin "Equinor" neft-qaz şirkəti Azərbaycanda ofislərinin bağlanması barədə məlumata aydınlıq gətirib.
Şirkətin Azərbaycan nümayəndəliyindən “Report”a verilən məlumata görə, "Equinor Shah Deniz AS" və "Equinor Azerbaijan AS" enerji şirkətlərinin bağlanması "Equinor"un "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsindən ayrılmağı ilə əlaqədardır. Belə ki, şirkət layihədəki 15,5 % payını Malayziyanın "Petronas" şirkətinə 2,2 mlrd ABŞ dollarına satıb.
Bildirilir ki, Azərbaycan "Equinor"un “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku da daxil olmaqla ən böyük və ən uzunmüddətli beynəlxalq öhdəliklərindən biridir və bu ölkədəki varlığına sadiq qalır: “Biz ölkədəki fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Hazırda tərəfdaşımız SOCAR ilə "Qarabağ" yatağının işlənməsi layihəsi üzrə investisiya qərarının qəbul olunması ilə bağlı iş gedir. Ətraflı layihə cədvəli ortağımız SOCAR ilə müzakirə olunur”.
Qeyd edək ki, "Equinor" şirkəti (2018-ci ilədək "Statoil") Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsi üzrə 2049-cu ilə qədər uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27 %) və Bakı-Tbilisi-Ceyhan (8,71 %) neft boru kəmərinin iştirakçısıdır.
30 may 2018-ci il tarixində SOCAR və "Equinor" arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" sazişləri imzalanıb.