Fevralda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 643 müraciət daxil olub

Fevralda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 643 müraciət daxil olub Həmçinin 94 məlumat xarakterli müraciətdən 24-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub
Energetika
11 Mart , 2021 09:38
Fevralda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 643 müraciət daxil olub

Bu ilin fevral ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə bilavasitə və nazirlik xətti ilə istehlakçıların hüquqlarının qorunması, abunəçilərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı 643 müraciət daxil olub.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Məlumata görə, bunlardan 415-i elektrik enerjisi, 117-si təbii qaz, 11-i istilik təchizatı ilə bağlı olub, 100 müraciət isə digər məsələləri əhatə edib.

643 müraciətdən 232-ni Agentlik araşdıraraq cavablandırıb. 3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib, 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub və 316 müraciət hazırda baxılma prosesindədir.

Həmçinin 94 məlumat xarakterli müraciətdən 24-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Fevral ayı ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 14 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 11 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb.

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 2 layihə sənədinin razılaşdırılmasından imtina olunub. 121 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 353 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 1 layihə sənədinin razılaşdırılmasından imtina olunub.

Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib. Qazapaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib.

Agentlik 9 inzibati xəta haqqında protokol tərtib edib və qərar verib.

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətininaraşdırılması məqsədi ilə 17 texniki yoxlama aparılıb.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 15 texniki yoxlama aparılıb.

Agentliyə müraciət edən 8 müəssisədə elektrik təsərrüfatına cavabdeh 63 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

17 “ASAN xidmət", 1 “ASAN Kommunal” mərkəzi və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 221 müraciət daxil olub. Bütün müraciətlər müsbət həllini tapıb.

Son xəbərlər

Orphus sistemi