Gürcüstanda “Avro 5” yanacaq standartına keçid II dəfə, daha bir il müddətinə təxirə salınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərara əsasən, yeni standartın 2022-ci ilin yanvarın 1-dən tətbiqi nəzərdə tutulub.
Xatırladaq ki, “Avro 5”ə keçid 2020-ci il yanvarın 1-dən baş tutmalı idi. Lakin biznes təşkilatlarının müraciəti əsasında qərarın icrası birillik müddətə təxirə salınmışdı.
“Avro 5” yanacaq standartına keçidin daha bir il təxirə salınması təklifini Gürcüstanın Neft Məhsulları İdxaçıları Birliyi irəli sürmüşdü. Qurumdan bildirilmişdi ki, qərar bu ildən qüvvəyə minərsə, Azərbaycandan Gürcüstana yeni standart dizelin tədarükü mümkün olmayacaq. Çünki, Azərbaycanda “Avro 5” yanacağının istehsalına 2022-ci ildə nail olunacaq. 2020-ci ildə Azərbaycan Gürcüstanın dizelə olan tələbatının 38%-ni təmin edib.