Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanın iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı ölkəmizin ictimai həyatında bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirməkdədir.
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, şirkətin strukturuna daxil olan digər müəssisələr kimi SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) də ötən il ərzində sosial layihələrin aktiv iştirakçısı olub.
Zavodun əməkdaşlarının və Həmkar İttifaqı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna NEZ-in əməkdaşları tərəfindən könüllü ölaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i həcmində, 195 136 manat vəsait köçürüb.
2020-ci ildə COVID-19-la mübarizə tədbirləri çərçivəsində yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna NEZ-in işçiləri tərəfindən 34 591 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 235 320 manat məbləğində vəsait köçürülüb.
Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı zavodunun 25 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak edib, onlardan bir nəfər şəhid olub.