2021-ci ildə neftə qlobal tələbat gündəlik 5,5 milyon barel artaraq 96,5 milyon barel/günə bərabər olacaq. Bu təxminən fevral ayındakından 100 min barel çoxdur.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 2026-cı ilə qədər olan dövr üçün neft bazarına dair proqnozunda deyilir.
“Proqnozun yaxşılaşması Asiya, Avropa və ABŞ-ın şimal hissəsində müşahidə olunan soyuq hava ilə əlaqədardır. Eyni zamanda daha intensiv iqtisadi artım və əhalinin vaksinasiyası 2021-ci ilin ikinci yarısında neftə olan tələbatın artmasına dəstək olacaq”, - IEA-nın mart hesabatında deyilir.
Aylıq hesabata əsasən, 2021-ci ildə OPEC-ə üzv olmayan ölkələrdən neft tədarükü gündəlik 0,7 milyon barel artacaq. Bildirilib ki, bu göstəricidə 2020-ci ildə gündəlik 1,3 milyon barel azalma qeydə alınmışdı.
Eyni zamanda ABŞ-da neft hasilatının bu il də azalmağa davam edəcəyini bildirən IEA bunun səbəbinin fevral ayındakı soyuq hava olacağını qeyd edib. “2021-ci ildə ölkədə neft hasilatındakı azalmanın gündəlik 180 min barel olacağı gözlənilir", - hesabatda deyilir.