Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) layihəsinin dəyəri daha da ucuzlaşacaq.
“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb əvvəlcə planlaşdırılan iki mühüm avtomatik qaz tənzimləmə stansiyasının inşasının müqavilənin dəyərində müvafiq dəyişiklik edilmədən Yunanıstanın “Avax” şirkəti ilə inşaat müqaviləsindən çıxarılmasıdır.
ICGB konsorsiumdan bildiriblər ki, IGB boru kəməri layihəsinin tikintisi yalnız Avropa Birliyinin maliyyəsi ilə deyil, həm də Avropa İnvestisiya Bankının vəsaitləri hesabına maliyyələşdirilir.
Konsorsium hər iki obyektin ehtiyac olmadığı üçün ləğv edildiyini vurğualyıb və dəyəri yalnız təsdiqlənmiş xərclərə əsasən edilən podratçıya ödənişlərdən çıxılacağını qeyd edib.
Məlumatda həmçinin qeyd edilir ki, İGB layihəsi Bolqarıstanın Yunanıstanla yeni bağlayıcı istismara verildikdən sonra, yəni 2022-ci ilin ortalarından qaz almağa başlayacaq.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.