“Hesab edirəm ki, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıb. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Budur bugünkü Azərbaycan reallıqları”.
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən bildirib.
“Biz maksimum öz enerji potensialımızdan istifadə edirik və etməliyik. Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. 440 meqavat gücündə bərpaolunan enerji növlərinin Azərbaycanda yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat pul qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, Azərbaycanın gələcəyinə, sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür. Eyni zamanda, yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik, onları cəlb etmək istəyirik. O cümlədən onları su elektrik stansiyalarının və digər bərpaolunan elektrik stansiyalarının tikintisinə cəlb etmək istəyirik. Əgər belə maraq olarsa hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər”, - dövlət başçısı qeyd edib.