İtaliya qaz istehlakının 15 %-i TAP ilə təmin olunur

İtaliya qaz istehlakının 15 %-i TAP ilə təmin olunur Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə TAP-ın icraçı direktoru Luka Şippati arasında görüş olub
Energetika
2 Fevral , 2023 16:55
İtaliya qaz istehlakının 15 %-i TAP ilə təmin olunur

İtaliya qaz istehlakının 15 %-i Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə təmin olunur.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan TAP-ın icraçı direktoru Luka Şippati ilə görüşüb.

“TAP-ın icraçı direktoru Luka Şippati ilə boru kəmərinin genişləndirilməsi üçün bazar testlərinin gedişatına və hidrogenin nəqli perspektivlərinə dair fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub.

Son xəbərlər

Orphus sistemi