Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün qurumun Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə təsis etdiyi “SOCAR New Energy” şirkəti iyun ayı ərzində 78,3 min ton dizel yanacağı tədarük edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.
Məlumata görə, bu həcmin 24,3 min tonu SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə təhvil verilib.
Ümumilikdə, iyun ayı ərzində Ukraynaya 533 min ton dizel yanacağı tədarük edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 6 % azdır.
Ötən ay Rusiyadan 197 min ton dizel yanacağı idxal edilib ki, bu da 2020-ci ilin iyun ayı ilə müqayisədə 15 % azdır. Rusiya dizel yanacağının idxalçıları arasında “Bel Petrol Trading” və “BRSM-Nafta” şirkətləri də olub. Belə ki, iyunda “Bel Petrol Trading” 17,7 min ton, “BRSM-Nafta” isə 16,3 min ton dizel yanacağı idxal edib. Bundan başqa, 8,1 min ton WOG və 7,3 min ton dizel yanacağı “Libro Trading” şirkətləri üçün tədarük edilib.
Ötən ay Belarusdan Ukraynaya 175,2 min ton dizel yanacağı təıdarük edilib ki, bu da illik müqayisədə 17,3 % azdır. Bu azalmaya səbəb Belarusun Mozır neft emalı zavodunda təmir işlərinin aparılması və “Naftan” neft emalı zavodlarında neftin emal həcminin azalması ilə bağlıdır.
Ancaq buna baxmayaraq, Belarusdan ölkə bazarına bu yanacaq növünün tədarükünün azalması digər istiqamətlərdən tədarükü ilə kompensasiya edilib. Belə ki, xüsusilə ötən ay Litvadan dizel yanacağının tədarükü 2020-ci ilin iyun ayı ilə müqayisədə təxminən 50 % artaraq 73,3 min ton təşkil edib.
Limanlarla gətirilən dizel yanacağının həcmi ötən ay ərzində 87 min ton təşkil edib ki, bu da 2020-ci ilin eyni ayı müqayisədə 21 % çoxdur. Bu həcmlərin 54 min tonu Türkiyənin payına düşüb. Bundan başqa, ötən ay Türkmənistandan 12,6 min ton, Yunanıstandan 7,8 min ton tədarük edilib.
Bundan başqa, ötən ay Ukraynaya Malaziyadan 2 min ton, İsraildən 700 ton və Hindistandan 200 ton dizel yanacağı idxal edilib.