Dünya neft bazarındakı rolunu durmadan artıran Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni-yeni müqavilələr imzalayır, neft və neft məhsullarının tədarükçüsü və daşıyıcısı kimi fəaliyyətinin əhatə dairəsini daha da genişləndirir.
Türkmənistanla münasibətlərə yeni nəfəs gəlir
Ötən ilin dekabr ayında “SOCAR Trading” şirkətinin “Eni Turkmenistan” şirkəti tərəfindən hasil olunan neftin satın alınmasına dair keçirilən tenderdə qalib gəlməsi barədə xəbər KİV-də dərc olundu. Bununla da “SOCAR Trading” 2017-ci ildən Türkmənistanda “Vitol” şirkəti tərəfindən satın alınan neftin bir hissəsini öz zərfinə qaytardı. Sözügedən tenderdə “SOCAR Trading” ENOC, “Vitol”, “Rosneft”, “LUKoil”, “Trafigura” kimi neft bazarının iri oyunçularını qabaqlayıb. Verilən məlumata görə “Eni Turmenistan” şirkəti 2021-ci il ərzində ayda 30-40 min ton Əkərəm nefti tədarük etmək niyyətindədir.
Bu müqavilənin “SOCAR Trading” üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, ötən il baş verən anlaşılmazlıq üzündən “SOCAR Trading” Türkmənistan neftinin satın almasını dayandırmışdı. “Türkmənistan neftinin Bakı – Tbilisi – Ceyhan (BTC ) boru kəmərilə nəqlinə 2010-cu ilin ortalarından başlanılıb. Türkmənistan BTC kəmərilə dünya bazarına 3-4 milyon tonadək neft ixrac edib. Həmçinin Türkmənbaşı Neftayırma Kompleksinin istehsal etdiyi neft məhsulları da Azərbaycan üzərindən dünya bazarına nəql olunur. Həmin dövr ərzində tədarük işlərini həyata keçirən Azərbaycan logistika şirkəti 2018-ci ildəki tenderi Rusiya şirkətinə uduzdu. Nəticədə 2019-cu ildən Türkmənistan nefti dünya bazarına Bakı terminallarına daxil olmadan, Mahaçqalaya, sonra da Novorossiysk kəmərilə çıxarıldı”, – deyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban bildirib.
Belə bir qərarın səbəbi KİV-də izah olunmadı, əvəzində bunun tarif üstündə rəqabətilə bağlı olması ehtimalları irəli sürüldü. Lakin sonradan məlum oldu ki, həmin yeni şirkət neft nəqli üçün lazımi sayda tanker gəmiləri yoxdur. Nəticədə Türkmənistan neftinin dünya bazarına ixracatı xeyli azaldı ki, bu da Türkmənistanda fəaliyyət göstərən xarici neft şirkətlərinin gəlirlərinə təsirsiz ötüşə bilməzdi. Necə deyərlər, ucuz ətin şorbası olmaz.
“Türkmənistan neftinin satın alınması və nəqlinə dair keçirilən son tenderdə “SOCAR Trading”in dünya neft istehsalçılarını üstələməsi Azərbaycan şirkətinin əvvəlki mövqeyini bərpa edərək sərt rəqabətdə cəlbedici qiymət irəli sürə bilməsinə dəlalət edir”, – deyə ekspert qeyd edib.
Elə həmin dövrdə “SOCAR Trading” “Petronas” şirkəti tərəfindən Türkmənistanın Kiyanlı yatağında hasil edilən xam neftin satın alınmasına dair keçirilən tenderdə də qalib gəlib. Bununla Türkmənistandan ildə 1 milyon tonadək neft idxal olunacaq.
““SOCAR Trading”in dünya neft istehsalçılarını üstələyərək sərt rəqabətdə cəlbedici qiymət irəli sürməklə əvvəlki mövqeyini bərpa etməyi bacardı”
İlham Şabanİqtisadçı ekspert
Bəs bütün bunlar gələcəkdə nə vəd edir? Ekspertin qənaətincə, Türkmənistanda hazırkı neft hasilatının daha çox dəniz yataqlarının payına düşür, “Petronas” və “Dragon Oil” şirkətlərinin məhz şelf sahələrində hasilatı artırır, həmin nefti dünya bazarına çıxarmağın ən sərfəli yolu isə Azərbaycanın Bakı – Tbilisi – Ceyhan neft kəməridir. Belə ki, Aralıq dənizinin sahilindəki Ceyhan terminalına çatdırılan neft dünyanın istənilən yerinə rahat daşına bilir. Bu marşrutun sərfəli olduğunu təsdiqləyən daha bir fakt həm də Qazaxıstan və Rusiyaya aid Xəzər yataqlarından hasil olunan neftin də BTC ilə nəql olunmasıdır. O cümlədən “LUKoil” şirkəti də Xəzər yataqlarında hasil etdiyi neftin bir hissəsini BTC vasitəsilə ixrac edir. Son 10 ildə şirkət BTC ilə 10 milyon tondan artıq neft ixrac edib.
“Yəni Azərbaycan dəhlizinin üstünlükləri göz qabağındadır. BTC-dən daha çox Xəzər nefti nəql etdirmək üçün yalnız sərfəli şərtlər təklif etmək lazımdır”, – İ.Şaban fikrini tamamlayıb.
Bütövlükdə hazırda BTC vasitəsilə Türkmənistandan, Qazaxıstandan, Rusiyadan müxtəlif növ neftin nəqlilə bağlı “SOCAR Trading” şirkətinin imzaladığı müqavilələrin illik həcmi 4 milyon tondan artıqdır.
Belarusla əlaqələr
“SOCAR Trading”in yaxından əməkdaşlıq etdiyi daha bir ölkə də Belarusdur. Bu ölkə ilə neft alış-verişi sahəsindəki əməkdaşlıq uzun illərdir davam edir. 2020-ci ilin birinci rübündə Rusiya ilə neft qiymətlərilə bağlı razılığa gələ bilməyən Belarus dəniz yolu ilə Norveç, Səudiyyə Ərəbistanı, Azərbaycan və ABŞ-dan neft idxal etməyə başladı. Mart ayından “SOCAR Trading” Belarusun Mozır neftayırma zavoduna Supsa və Ceyhan limanları vasitəsilə neft tədarükünə başladı. İlin sonunadək 1 milyon tonadək “Azeri Light” və başqa marka neft dəniz yolu ilə çatdırılıb.
Bu müqavilə uzadılıb, cari ildə də həmin ünvana 1 milyon tonadək neft nəql etmək nəzərdə tutulur. “Həmin neft həcmində Azərbaycandan başqa üçüncü ölkələrdən də neftin daxil olduğunu nəzərə almaq lazımdır. Ancaq neft SOCAR tərəfindən tədarük olunduğu üçün Belarus statistikasında Azərbaycan nefti kimi qeyd olunur”, – ekspert bildirib.
Beləliklə, Azərbaycan neftinin əsas müştəriləri Qara və Aralıq dənizləri hövzələrinin ölkələri olsalar da, Belarusa da neft tədarükü üçün logistika zənciri qurulub. Belə ki, SOCAR nefti tankerlə Ukraynanın Yujniy limanına çatdırılır, sonrakı daşıma növünü Belarus tərəfi özü təyin edir.
“Azərbaycanla Belarus arasındakı neft sahəsində əməkdaşlıq dostluq münasibətlərində böyük paya malikdir. İki ölkə arasındakı ticarət dövriyyəsi mütəmadi artır və xam neftin tədarükü də bu məsələdə mühüm əhəmiyyət daşıyır. Həmçinin ölkəmiz də Belarusdan “Aİ-98” markalı benzin idxal edir”, – ekspert İ.Şaban qeyd edib.
Bu əməkdaşlığın uzunmüddətli olacağı SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı Belarus baş naziri Sergey Rumasın dediklərindən də sezilir: “Biz uzunmüddətli müqavilələr imzalamaq üçün etibarlı tərəfdaş tapmaq istərdik. Təcrübə göstərir ki, SOCAR da elə bu cür etibarlı tərəfdaş ola bilər”.
SOCAR-ın da Belarus neft-qaz sektorunda uzun müddət qalmaq, bu ölkədə müxtəlif layihələr icra etmək niyyəti şəksizdir.
Beləliklə, etibarlı və sərfəli tərəfdaş kimi ad çıxaran SOCAR öz işgüzar fəaliyyətlərini istər sahəvi, istərsə də coğrafi mənada uğurla şaxələndirməyi bacarır. Şaxələndirmək də məlum məsələdir ki, böyük biznesin uzunmüddətli olmasını şərtləndirən başlıca amillərdəndir.
Qulu Nuriyev, ekspert