Yeni iqlim reallıqlarında neft hasilatının ixtisarına dair “OPEC+” razılaşması müddətsiz uzadıla bilər.
“Report” xəbər verir ki, bu fikirləri “Lukoyl” şirkətinin vitse-prezidenti Leonid Fedun “RBK” agentliyinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, “OPEC+” razılaşması uzun tarixi perspektiv üçün nəzərdə tutulub, lakin yeni iqlim reallıqları şəraitində saziş “bəlkə də əbədi olaraq qalacaq”.
L.Fedunun sözlərinə görə, koronavirus pandemiyasının yaratdığı böhran şəraitində bazarda düzəlişlər edilməsə, bu, “bütün iştirakçılar üçün son dərəcə ağrılı və kədərli” ola bilər.
Xatırladaq ki, yenilənmiş “OPEC+” razılaşması 2020-ci il 1 may tarixindən etibarən qüvvədədir. Pandemiya nəticəsində neft tələbatının azalmasından sonra “OPEC+” ötən ilin mayında hasilatı rekord həcmdə – sutkada 9,7 milyon barel azaldıb.
Bu ilin aprelində isə “OPEC+” ölkələri hasilatı sutkada 6,9 milyon barel ixtisar edib.