Matyu Brayza: "Avropa Azərbaycan qazına möhtacdır"

Matyu Brayza: "Avropa Azərbaycan qazına möhtacdır" "Avropa Azərbaycandan daha çox təbii qaz idxalına ehtiyac duyur, eyni zamanda alternativ enerji ehtiyatlarından istifadə etməklə bağlı böyük ponensial var".
Energetika
18 Mart , 2022 17:39
Matyu Brayza: Avropa Azərbaycan qazına möhtacdır
Metyu Brayza

"Avropa Azərbaycandan daha çox təbii qaz idxalına ehtiyac duyur, eyni zamanda alternativ enerji ehtiyatlarından istifadə etməklə bağlı böyük ponensial var".

Bunu “Report”a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Vaşinqtondakı “Atlantik şurası” (“Atlantic Council”) adlı beyin mərkəzinin baş elmi işçisi, beynəlxalq ekspert və diplomat Matyu Brayza bildirib.

Son vaxtlar Ukraynadakı hadisələrlə bağlı Azərbaycanın qazına marağın daha da artdığını qeyd edən ekspert məhz bununla bağlı Avropa İttifaqı rəsmilərinin Azərbaycana səfər etdiklərini nəzərə çarpdırıb. Bununla yanaşı o, təbii qazın kömürdən 4 dəfə az tullantı yaratdığı üçün bərpa edilən enerjiyə keçid dövründə son dərəcə zəruri yanacaq olduğunu qeyd edib. Onun fikrincə, alternativ enerji mənbələrini daha çox tətbiq etməklə təbii qaz, yaxud dizel yanacağı və sair neft məhsullarını daha çox ixraca yönəltmək çox ağıllı siyasətdir. 

Sabiq diplomat Azərbaycanın, o cümlədən işğaldan azad edilmiş ərazilərin geniş bərpa olunan enerji potensialına malik olduğunu dilə gətirib. ölkədə il ərzində həm günəşli, həm də küləkli günlərin çox olduğunu xatırladıb. M.Brayzanın fikrincə, külək enerjisi istehsalının inkişaf etdirilməsi üçün daha çox Xəzərboyu sahil zolağı, günəş enerjisi istehsalının inkişaf etdirilməsi üçün isə Abşeron, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları münasibdir. Qarabağ isə su enerjisi ehtiyatları sarıdan zəngin bölgədir.

Sabiq səfir qeyd edib ki, azad olunmuş ərazilərdə bərpa olunan enerji ehtiyatlarına dair layihələrə hökumət subsidiya ayırsa, bu sahə sərmayə yatırımları üçün də cazibədar olacaq: “Sərmayə yatırımlarına dair sərfəli təklif verən əcnəbi şirkətləri Azərbaycan hökuməti bölgəyə cəlb edə bilər. Hazırda hökumət elə bu istiqamətdə tədbirlər görür”.

M.Brayza həmçinin qonşu Türkiyədə də hökumətin günəş, külək, habelə geotermal enerjidən istifadə etməklə bağlı əlverişli sərmayə imkanları yaradıldığını da dilə gətirib: “Son onillər ərzində Türkiyə hökuməti özü də xüsusilə Cənub-Şərqi Anadolu layihəsi (GAP) çərçivəsində su enerji bəndlərinin tikintisinə külli miqdarda vəsait sərf edib”.

Son xəbərlər

Orphus sistemi