Ekspert: “Milli kadrlar mürəkkəb yataq işlədəcək səviyyədədirlər”

Ekspert: “Milli kadrlar mürəkkəb yataq işlədəcək səviyyədədirlər” "Qarabağ" dayaq blokunun Azərbaycan mütəxəssisləri tərəfindən inşa edilməsi neft-qaz sektorundakı tərəqqinin bariz nümunəsidir
Energetika
12 Avqust , 2020 14:19
Ekspert: “Milli kadrlar mürəkkəb yataq işlədəcək səviyyədədirlər”

"Texnoloji cəhətdən nəhəng və mürəkkəb konstruksiya olan "Qarabağ" dayaq blokunun Azərbaycan mütəxəssisləri tərəfindən inşa edilməsi neft-qaz sektorundakı tərəqqinin bariz nümunəsidir". 

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. 

Onun sözlərinə görə, bu gün neft-qaz sektorunda ən mürəkkəb texnoloji proseslərin idarəedilməsinə, geniş şəkildə milli kadrların cəlb olunmasına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kadr potensialının artırılması və təkmilləşdirilməsi istiqamətində apardığı davamlı və yüksək keyfiyyətli işlərin nəticəsi kimi baxmaq lazımdır: 

“Quruda və dənizdə hələ kəşf edilməyən xeyli sayda yataqlarımız var. Ən azı yüz il hasil edə biləcəyimiz dərəcədə neft və qaz ehtiyatlarına sahibik. Bu da insan kapitalına yatırımları labüd edir. SOCAR milli kadrların yetişdirilməsi istiqamətində əhəmiyyətli addımlar atır və sərmayələr yatırır. Bura yerli və xarici ixtisasartırma kursları, təlimlər, xaricdə təhsil və müxtəlif təqaüd proqramları və sair daxildir. Bunun nəticəsi olaraq artıq neft-qaz sektorunda texnoloji cəhətdən çox mürəkkəb işləri əsasən yerli mütəxəsislərin icra etdiyini görürük və bu proses zamanla daha da dərinləşəcək”.

Ekspert "Qarabağ" yatağının neft potensialına toxunaraq, orada, anons edilən rəqəmdən daha böyük həcmdə təbii ehtiyatların olduğunu istisna etməyib:

“Bildiyimiz kimi yatağın ümumi neft ehtiyatları 60 mln tondan çox qiymətləndirilir. Lakin təcrübə göstərir ki, istismar dövründə ehtiyatların həcmi bu rəqəmin bir xeyli üzərində ola bilər. Ölkə başçısının da dediyi kimi “Azəri- Çıraq-Günəşli” yataqları üzrə saziş 1994-cü ildə imzalanarkən xarici tərəfdaşlar bu yataqların potensialını 511 mln ton neft həcmində dəyərləndirirdilər. Lakin bu gün təsdiq olunub ki, həmin rəqəm 1 mlrd  ton neftdən çoxdur. Bu "Qarabağ" yatağının gələcəkdə gəlirlərimizin davamlılığının təmin olunmasında daha böyük rola malik ola biləcəyi anlamına gəlir. Belə olan halda daha çox investisiya və ya sosial layihələr icra etmək mümkün olacaq”. 

Xatırladaq ki, “Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. O, dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. 

Bu blok SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. “STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. “Qarabağ” yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Yataqda hasilata 2022-ci ilin sonunda başlanılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi