Milli Məclisin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təsdiq edilib.
"Report" xatırladır ki, sənəd parlamentə Prezident İlham Əliyevin adından daxil olub.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sənədi təqdim edərkən, bildirib ki,qanun lahiyəsini əsasən, əgər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər hansı üçüncü tərəflər və ya hər hansı podratçı tərəflər ilə sərbəst təbii qaz yataqlarının işlənməsini qərara alarsa, o zaman tərəflər bu cür işlənmə üçün şərtləri və müddəaları razılaşdırmalıdırlar.
Onun sözlərinə görə, qaz sazişi olaraq bu layihə ilə “Azəri-Çıraq-Günəşli” hasilatın pay bölgüsü sazişinin kontrakt sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin kontraktla əhatə olunmayan sərbəst təbii qaz yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutulur: “Eyni zamanda tərəflər bu layihənin mövcud hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilən layihə və onun əməliyyat prosesləri ilə bağlılığını nəzərə alaraq, layihənin mövcud podratçı şirkətlərlə birgə işlənməsi qərara alınıb”.
S. Qurbanov qeyd edib ki, İkinci Qoşma hazırlanarkən, mövcud digər qaz layihələri sazişlərindəki ("Abşeron" və "Şahdəniz" HPBS) əsas kommersiya və fiskal şərtlər əsas götürülüb, həmçinin onların həyata keçirilməsinin müsbət təcrübəsindən istifadə edilib: “Sazişə görə зodratçı qarşısında “Çıraq Dərinsulu Günəşli” yataqları, “Azəri” kontrakt sahəsinə aid olan qaz layları üzrə bir sıra öhdəliklər qoyulub. Belə ki, Podratçı tərəflər müəyyən edilmiş müddətlər ərzində qiymətləndirmə aparmaq üçün qiymətləndirmə quyularının qazılması ilə bağlı yekun investisiya qərarlarını qəbul etməli, marketinq işlərini aparmalı, vahid işlənmə proqramlarını hazırlayıb təsdiq üçün SOCAR-a təqdim etməli, həmçinin ilk qazın hasilatının təmin edilməsi ilə bağlı müəyyən tədbirlər görməlidirlər”.
Deputat əlavə edib ki, podratçının üzərinə qoyulmuş öhdəliklər müqavilədə müəyyən edilmiş müddətlər ərzində yerinə yetirilmədiyi, xüsusilə podratçı müəyyən yataqlarla bağlı müsbət investisiya qərarı qəbul etmədiyi təqdirdə SOCAR birtərəfli şəkildə podratçıdan həmin laylardan imtina etməsini/geri qaytarılmasını tələb etmək hüququna malikdir: “Çıraq Dərinsulu Günəşli" yataqları üzrə qiymətləndirmə quyusundan hasil ediləcək təbii qaz SOCAR-a satılacaq. Digər laylar və yataqlar üzrə investisiya qərarları sonrakı illərdə İkinci Qoşmada qeyd olunan müddətlər ərzində veriləcək. Bu qanunun qəbulu ilə biz sənədin hüquqi statusunu müəyyən etmiş olacağıq”.
Qeyd edək ki, İkinci Qoşma bu il avqustun 1-də Bakıda SOCAR ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanıb.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.