"Cənub Qaz Dəhlizi (SGC) ilkin mərhələdə təbii qazı Azərbaycandan Gürcüstan, Türkiyə və bir sıra Avropa ölkələrinə tədarükünü təmin edən nəqliyyat sistemidir".
Bunu “Report”a açıqlamasında TAP konsorsiumunun Direktorlar Şurasının sədri Murad Heydərov bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu sistem genişləndiriləcək və üçüncü ölkələrin təbii qazı qeyd edilən regionlara tədarük etmək imkanı yaradacaq.
M.Heydərov bildirib ki, bundan başqa, Cənub Qaz Dəhlizi həmçinin təbii qaz tədarükü çoğrafiyasının genişlənməsi üçün digər infrastruktur layihələrə inkişaf etməyə imkan verəcək bir infrastrukturdur: “Bunun üçün də biz hər zaman qeyd edirik ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB), İon-Adriatik qaz kəməri layihəsi (İAP) kimi layihələr, BRUA sisteminin reallaşması üçün həmçinin əlavə təkan və stimul əldə edəcəklər”.
TAP konsorsiumunun Direktorlar Şurasının sədri bildirib ki, Avropa üçün strateji baxımdan Cənub Qaz Dəhlizi avropalı siyasətçilərin daim danışdıqları ikiqat diversifikasiyanı təmin edir: “Bu, ilk növbədə, Avropaya yeni marşrut üzrə tədarük ediləcək yeni qaz mənbəyidir. Bunun üçün də avropalılar onlara diversifikasiyanın lazım olduğunu söyləyəndə, Cənub Qaz Dəhlizi ikiqat diversifikasiyanı təmin etmiş olur”.
Azərbaycana gəldikdə isə M.Heydərov qeyd edib ki, ölkəmiz stabil, etibarlı və kommersiya baxımından olduqca sərfəli olan Avropa bazarına təbii qazın tədarükündən təminatlı gəlir əldə edir: “Bundan başqa, bu boru xətti ilə Azərbaycan öz qonşularına da qaz tədarük edir. Bütün bunlar isə uzunmüddətli xüsusiyyət daşıyır. Bir sözlə, ölkəmiz 25 il müddətində davam edəcək zəmanətli gəlir əldə edəcək”.
TAP rəsmisi vurğulayıb ki, Cənub Qaz Dəhlizinin infrastrukturu özünün ilkin dizaynında gələcəkdə genişləndiriləcəyini nəzərdə tuturdu: “Bunun üçün də bu sistem nəinki Azərbaycan, hətta Xəzər regionundakı bütün qaz hasilatçıları olan ölkələr üçün açıqdır. Həmçinin Aralıq dənizi regionundan olan bütün istehsalçılar Cənub Qaz Dəhlizi sistemi üzrə özünün daxili bazarlarına da tədarük edə biləcəklər. Texniki olaraq sistem asanlıqla genişləndirilə bilər. Təbii ki, Cənub Qaz Dəhlizin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) sistemi Avropa İttifaqının qanunvericiliyinə uyğun genişləndirilə bilər. Yəni ilkin olaraq 10 milyard kubmetr qaz ötürücülük gücünə malik olan TAP Avropa qanunvericiliyinin müəyyən icazələrindən qismən azad edilmişdirsə, boru kəmərinin gələcək genişləndirilməsi Avropa qanunvericiliyinin ciddi tələblərinə uygun olaraq həyata keçiriləcək. Bu sistemin genişləndirilməsi üçün boru kəmərinin keçdiyi marşrut üzrə yerləşən ölkələrin qanunvericiliyinə də uyğunlaşdırılmalıdır”.
O xatırladıb ki, gələcəkdə Azərbaycan qazına Qərbi Balkan regionu ölkələrinin marağı yaranarsa da, bunun üçün ilk növbədə kommersiya qərarı verilməlidir: “Avropa qanunvericiliyinə uyğun olaraq infrastruktur genişləndirilməlidir və müxtəlif interkonnektorlar vasitəsilə infrastrukturun davamını həyata keçirməyə ehtiyac yaranacaq. Bununla bağlı qərarı müvafiq ölkələr və layihədə iştirak edən şirkətlər qəbul edirlər. Ancaq burada da nəzərə alınmalıdır ki, TAP sistemi 2026-cı ildən tez olmayaraq genişləndirilmiş rejimdə işləməyə başlayacaq. Təbii ki, genişləndirilməni həyata keçirilməsi üçün TAP bazarı öyrənməlidir, bu genişlənmənin bazarın marağının TAP iqtisadi modelinə nə qədər uyğun olduğunu hesablanmalıdır. Bundan sonra isə müvafiq ictimai dinləmələr keçirilməli və potensial tədarükçülərin etdiyi müraciətlər əsasında hərraclar keçirilir. Bu müraciətlər də təhlil edilir və sonradan genişlənmənin məqsədəuyğun olması ilə bağlı qərar qəbul edilir. Bu qərar da hər bir ölkənin milli tənzimləyiciləri tərəfindən və Avropa Komissiyasının müvafiq bölmələri tərəfindən qəbul edilir. Məhz bundan sonra genişləndirilmə həyata keçirilir. Bu genişləndirilmə də bütün standartlara uyğun, xüsusilə də ərtaf mühitə təsiri baxımından bütün standartlara cavab verməlidir. Yəni boru kəmərinin genişləndirilməsi də özü böyük bir layihədir”.
O qeyd edib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsindən sonra TAP-ın tam ötürücülük gücü 20 milyard, TANAP-ın 31 milyard, Cənubi Qafqaz Boru Kəmərinin isə 30 milyard kubmetr olacaq.
Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və ötən ilin sonundan etibarən Avropa bazarlarına da daşınır.
Qeyd edək ki, bu gün videokonfrans formatında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçiriləçək.
Məşvərət Şurasının builki toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin ABŞ, Albaniya, Birləşmiş Krallıq, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, Xorvatiya, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Türkmənistan və Yunanıstandan yüksək səviyyəli nümayəndələri iştirak edir.
Tədbirə layihədə iştirak edən şirkətlərin, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının və digər beynəlxalq maliyyə qurumlarının da qatılması nəzərdə tutulur.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci il fevralın 28-də keçirilib.