Naxçıvanda elektrik stansiyalarının generasiya gücünə 1 500 MVt əlavə olunacaq

Naxçıvanda elektrik stansiyalarının generasiya gücünə 1 500 MVt əlavə olunacaq Əslində, enerji nəhənglərinin Naxçıvana can atmasında bir sirr də var ki, burada günəşli günlərin sayı çoxdur”.
Energetika
18 Oktyabr , 2024 11:37
Naxçıvanda elektrik stansiyalarının generasiya gücünə 1 500 MVt əlavə olunacaq

Yaxın illərdə Naxçıvan Muxtar Respublikasında elektrik stansiyalarının generasiya gücünə 1 500 MVt əlavə olunacaq.

Bunu muxtar respublikanın Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzisini müvəqqəti icra edən Məhərrəm Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu isə o deməkdir ki, Naxçıvanda enerji istehsalı 5 dəfə artacaq: “Mövcud günəş elektrik stansiyalarının sahəsi üzərində günəş enerjisi potensialının qiymətləndirmə nəticələrinə görə bir hektar ərazidə təqribən 0,6 meqavat gücündə stansiya qurulduğu və il ərzində 90 min kilovatdan artıq elektrik enerjisi istehsal edildiyi müəyyən olunub. Yəni bu onu deməyə əsas verir ki, Naxçıvanda “yaşıl enerji” potensialı nəzərdə tutulan 1 500 meqavatdan da çoxdur”.

O qeyd edib ki, dövlət proqramına əsasən “Yaşıl enerji” istehsalı üçün 7 992 ha ərazi ayrılıb: “Artıq investisiya prosesi başlayıb. Yerli və xariçi şirkətlərlə memorandum imzalanıb. İndi biz bir neçə layihə üzrə “Texniki-iqtisadi əsaslandırma”ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq. COP29 tədbirinə qədər təməlatma olacağı planlaşdırılır. İlkin mərhələdə gücü 30 meqavat olan yeni Günəş Elektrik Stansiyası da yaxın zamanda tikiləcək. Artıq bu stansiyasının tikilməsi üçün 688 hektar ərazi də ayrılıb”.

Xidmətin rəis müavini deyib ki, görülən bu işlərin nəticəsində Naxçıvanda ümumi elektrik enerjisinin istehsalında “Yaşıl enerji”nin payı illər üzrə davamlı olaraq artır: “Belə ki, 2023-cü ilin 9 ayında "yaşıl enerji"nin istehsal payı 35,1 % olduğu halda 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 %-ə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 %-i “yaşıl enerji”nin hesabına təmin olunur. Çaylarda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar elə ay olub ki, bir ay ərzində ümumi elektrik enerjisinin 100 %-i “yaşıl enerji”nin payına düşüb”.

O xatırladıb ki, Naxçıvanda dünyanın aparıcı enerji şirkətlərindən “Total Energies”, “Czech Engineering”, “Nobel Energy”, “Masdar”, “ACWA Power”, “China Energy”, “Notus” şirkətləri ilə birgə “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir: “Bu istiqamət üzrə yol xəritəsi hazırlanır. Bu enerji investisiyalarının hamısı bərpaolunan və alternativ enerji sektoruna yönəldilib. Əslində, enerji nəhənglərinin Naxçıvana can atmasında bir sirr də var ki, burada günəşli günlərin sayı çoxdur”.

Son xəbərlər

Orphus sistemi