Azərbaycan təbii qazının Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tam gücü ilə işləyəcəyi 2023-cü ildə gözlənilir.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun "Report"a müsahibəsində bildirib.
O qeyd edib ki, indiyə qədər TAP kəməri ilə 9,2 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına tədarük edilib: “Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara veriləndən indiyə kimi isə Türkiyəyə 14,7 milyard kubmetr qaz tədarük edilib".
P. Şahbazovun sözlərinə görə, ötən il avropalı istehlakçılar TAP üzərindən 8,1 milyard kubmetr həcmində Azərbaycan təbii qazı ilə təchiz edilib: “2022-ci il üçün 9 milyard kubmetrdən çox qazın Avropaya ixracı proqnozlaşdırılır".
Nazir bildirib ki, TAP ilə ən çox təbii qaz İtaliya bazarına nəql olunub: “Ötən il İtaliyaya 6,9 milyard kubmetr qaz tədarük edilib. 2022-ci ildə isə bu ölkəyə 7,4 milyard kubmetr Azərbaycan qazının ixracı proqnozlaşdırılır”.
Qeyd edək ki, Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (10 %), "Petronas" (15,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.
Energetika naziri Pərviz Şahbazovun geniş müsahibəsini buradan oxuya bilərsiniz.