Nazir: “Rumıniya şirkətləri Azərbaycan bazarında daha çox təmsil olunmaqda maraqlıdır”

Nazir: “Rumıniya şirkətləri Azərbaycan bazarında daha çox təmsil olunmaqda maraqlıdır” “Report” Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku ilə eksklüziv müsahibəni təqdim edir.
Energetika
5 Fevral , 2022 14:58
Nazir: “Rumıniya şirkətləri Azərbaycan bazarında daha çox təmsil olunmaqda maraqlıdır”

“Report” Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku ilə eksklüziv müsahibəni təqdim edir.

- Cənub Qaz Dəhlizinin (SGC) Avropanın enerji sisteminin inkişafına töhfəsini necə qiymətləndirirsiniz?

- Bu ciddi enerji layihəsinin başlanmasından keçən 7 il ərzində SGC-nin birinci mərhələsi artıq bir ildən çoxdur ki tamamlanıb. Rumıniyanın lap əvvəldən dəstəklədiyi SGC, xüsusilə də mövcud enerji böhranları şəraitində Avropanın enerji təhlükəsizliyi üçün nə dərəcədə əhəmiyyətli olduğu getdikcə daha çox sübut edir.

Ötən il bütün ölkələrin enerji sektoru üçün ciddi sınaq ili oldu. SGC vasitəsilə nəql edilən Azərbaycan qazı regionun bir sıra ölkələri üçün sığorta rolunu oynadı. İlk dəfə olaraq Azərbaycan qazının Avropaya birbaşa nəqli həyata keçirildi. Bu səylərin davamlı olması vacibdir, çünki Avropanın bir çox ölkələri bu uğurlu layihəyə qoşulmaqda maraqlıdır. Bu isə gələcək inkişaf mərhələlərinin icrasına öz töhfəsini verə bilər.

- Rumıniya Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı necə genişləndirməyi planlaşdırır?

- Enerji Rumıniya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın əsas sahəsidir. Rumıniya 2018-ci ildən etibarən SGC Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarında iştirak etməklə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rola malik bu layihəninin icrasını dəstəkləyir. Rumıniya və Azərbaycan enerji sahəsində münasibətlərin möhkəmləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir və əminik ki, Azərbaycandan olan tərəfdaşlarla birbaşa dialoq enerji sahəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən edə bilər. Hər iki ölkədə enerji sahəsi üzrə çox yaxşı mütəxəssislər var. Biz, ölkələrimizin iqtisadi inkişafını dəstəkləmək üçün qarşılıqlı maraq kəsb edən enerji layihələri işləyib hazırlaya bilərik. Rumıniya şirkətlərinin Xəzər regionunda, o cümlədən Azərbaycan bazarında daha çox təmsil olunmasında maraqlıyıq. Azərbaycan şirkətlərinin də Rumıniyada daha çox təmsil olunmasını istərdik.

- Rumıniya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə, əsasən də bərpa olunan enerji layihələrində iştirak etməkdə maraqlıdırmı?

- Növbəti onillikdə enerji sektorunda köklü dəyişikliklər baş verəcək. Bu dəyişikliklərə hazır olmalıyıq. Biz iqlimyönümlü həllərə, enerji baxımından daha təhlükəsizlik və təmiz dünyaya keçməliyik. Bu səbəbdən, gələcək səylərimizdə texnologiyalar və innovasiyalar əsas amil olmalıdır. Rumıniya külək, su, günəş, geotermal mənbələr baxımından əhəmiyyətli potensiala malikdir. Hazırda vacib layihələr icra və ya qiymətləndirmə mərhələsindədir. Rumıniyanın enerji prioritetləri yeni investisiyalara yönəlib. Bu investisiyalar enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması, o cümlədən Qara dənizdə bərpa olunan enerji mənbələrinin potensialından istifadə, elektrik enerjisinin genişmiqyaslı saxlanması, həmçinin bərpa olunan və az karbonlu mənbələrdən əldə olunan hidrogendən istifadə baxımından zəruridir.

Bilirik ki, Azərbaycan qarşıya ümumi enerji istehlakında bərpa olunan və alternativ enerjinin payının artırılması ilə bağlı ciddi məqsədlər qoyub və bir sıra əhəmiyyətli layihələrin icrasını nəzərdən keçirir. Dünyanın neft-qaz şirkətləri bərpa olunan enerji mənbələrinə investisiyalar hesabına öz fəaliyyət sahələrini genişləndirmək məsələsinə baxmalıdır. Əminəm ki, ölkələrimizin müvafiq şirkətləri arasında gələcək müzakirələr enerji sektorunda vacib layihələri, o cümlədən bərpa olunan enerji mənbələri ilə bağlı layihələri müəyyən etməyə və praktiki şəkildə həyata keçirməyə imkan verəcək.

- SOCAR-ın Rumıniyada iştirakını necə qiymətləndirirsiniz?

- Böyük investisiyaları sayəsində SOCAR şirkəti Rumıniyada yanacaq bazarında vacib oriyentirə çevrilib. Rumıniyanın yanacaq bazarına çıxmaqla yanaşı, SOCAR-ın Rumıniya bazarında iştirakı yerli istehlakçılar tərəfindən də müsbət qarşılanır. Bu sahədə güclü rəqabət hər zaman yaxşı xəbər hesab olunur, belə ki, yanacaq qiymətlərinin düşməsinə səbəb olur və pərakəndə biznesdə göstərilən xidmətlərin daha yüksək keyfiyyətli olmasını təmin edir. Bundan başqa, SOCAR şirkəti Avropanın az karbonlu mənbələrdən enerjinin alınması hesabına milli iqtisadiyyatın stimullaşdırılması üzrə yeni paradiqması fonunda Rumıniyada fəaliyyətini genişləndirmək üçün çoxsaylı imkanları nəzərdən keçirə bilər.

- SGC-nin şaxələndirilməsi çərçivəsində BRUA (Bolqarıstan – Rumıniya – Macarıstan – Avstriya) qaz kəmərinin inkişaf etdirilməsi Azərbaycan və Rumıniya arasında əməkdaşlığı gücləndirəcəkmi?

- Rumıniyanın TRANSGAZ şirkəti 2020-ci ilin noyabr ayında BRUA qaz kəməri üzərində işləri icra qrafikinə uyğun olaraq, heç bir gecikmə olmadan başa çatdırıb. Regional səviyyədə strateji əhəmiyyətə malik BRUA qaz kəməri Xəzər regionunda hasil edilən qazı Rumıniya və Bolqarıstan arasında interkonnektor vasitəsilə Mərkəzi Avropa bazarlarına nəqli üçün texniki və iqtisadi imkanlar yaradır. BRUA bir sıra vacib üstünlüklərə malikdir. İlk növbədə, bu, hazır qaz infrastrukturudur. Bundan başqa, o, ciddi potensiala malik qaz istehlakı bazarlarını birləşdirir. Üçüncüsü, BRUA qaz kəmərindən istifadə haqqında təklif Yunanıstan və Bolqarıstan arasında interkonnektoru uğurla tamamlayaraq, Cənub Qaz Dəhlizi, Mərkəzi Avropa və Balkan yarımadası arasında təhlükəsiz və effektiv marşrutu, həmçinin vacib potensial əlaqəni təmin edir.

Son xəbərlər

Orphus sistemi