Dünyada neft qiymətləri koronavirusun qlobal miqyasda yayılması ilə bağlı xəbərlərin təzyiqi də daxil olmaqla, korreksiyalaşma çərçivəsində ucuzlaşır.
“Report” xəbər verir ki, bunu sövdələşmə məlumatlarından görmək olar.
Belə ki, Bakı vaxtı ilə saat 08:34-ə olan məlumata əsasən, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1,13% uculaşaraq bir barel üçün 55,36 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,8% dəyər itirərək bir barel üçün 51,82 ABŞ dollarına düşüb.
Öncəki həftənin nəticələrinə görə, “qara qızıl”ın qiymətləri orta hesabla 8% bahalaşmışdı. “Brent” markalı neft fevralın 26-dan bəri ilk dəfə 55 ABŞ dolları səviyyəsini keçmişdi. Bu fonda investorlar yeni həftəyə mənfəət götürməklə başlayıblar.
Eyni zamanda, dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində növbəti koronavirus “patlayışından” sonra hərəkətə qoyulan məhdudiyyətlər fonunda yanacağa tələbatla bağlı yeni narahatlıqlar bazara təzyiq göstərib.