Neft OPEC+ və Süveyş kanalı üzrə gözləntilər fonunda bahalaşmağa başlayıb

Neft OPEC+ və Süveyş kanalı üzrə gözləntilər fonunda bahalaşmağa başlayıb WTI markalı neftin may fyuçerslərinin dəyəri bir barel üçün 61,34 ABŞ dolları təşkil edib
Energetika
29 Mart , 2021 16:23
Neft OPEC+ və Süveyş kanalı üzrə gözləntilər fonunda bahalaşmağa başlayıb

Dünya bazarlarında səhər saatlarında 2 % həcmində azalan neft qiymətləri günortadan sonra artmağa başlayıb. İnvestorlar Süveyş kanalındakı vəziyyəti qiymətləndirirlər, həmçinin görüşlərdən əvvəl OPEC+ razılaşması ilə bağlı xəbərləri gözləyirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:46-ya olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,98 % artaraq bir barel üçün 65,06 ABŞ dollarına, may fyuçersləri isə 0,56 % bahalaşaraq 64,93 dollar/barelə çatıb. WTI markalı neftin may fyuçerslərinin dəyəri 0,61 % artaraq bir barel üçün 61,34 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu gün Misir prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının dayaz yerində ilişib qalmış “Ever Given” konteyner gəmisinin saydan çıxarılması üzrə əməliyyatın uğurla başa çatdığını və kanalda hərəkətin bərpa olunduğunu bildirib.

Ötən həftə neft qiymətləri investorların hadisələrin tədarükə təsiri ilə əlaqədar birmənalı olmayan qiymətləndirmələri səbəbindən dəyişkən olub: neft əvvəlcə 4-6 % dəyər itirib, daha sonra qiymət bərpa olunub, ardından yenidən eniş və artım olub.

Treyderlərin diqqəti həmçinin OPEC+in hasilatın azaldılması barədə razılaşmaya və bu mövzuda keçiriləcək görüşlərə yönəlib. OPEC+ Nazirlərin Monitorinq Komitəsinin növbəti iclası martın 31-də, bütün alyansın icrası isə aprelin 1-də keçirilməlidir. Bu iclaslarda may ayı üçün istehsal səviyyəsinə dair qərar verilməlidir.

Son xəbərlər

Orphus sistemi