Koronavirusa qarşı peyvəndlərin hazırlanması xəbərləri xammala tələbatla bağlı narahatlıqları azaltmağa davam etdiyi üçün dünya bazarlarında neftin qiymətləri çərşənbə günü günün ikinci yarısında da artmaqda davam edib.
“Report” xəbər verir ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1,17 % artaraq bir barel üçün 48,34 ABŞ dollarına çatıb.
“Brent”in yanvar fyuçersləri 1,15 % artaraq bir barel üçün 48,41 ABŞ dollarına yüksəlib. WTI markalı neftin yanvar fyuçersləri isə 1,07 % bahalaşaraq 45,39 dollar/barel səviyyəsinə çatıb.
Neft qiymətlərinin davamlı olaraq artmasına koronavirusa qarşı peyvəndlərin hazırlanması ilə bağlı xəbərlər səbəb olur. Noyabr ayı ərzində üç şirkət bu sahədə uğurlu araşdırmalar apardıqlarını və hazırladıqları vaksinin yüksək effektivliyini elan edib. Belə ki, “Moderna” və “Pfizer” şirkətlərinin müvafiq olaraq 94,5 və 95 faizlik effektivlik əldə etdiyini açıqlamasının ardından bazar ertəsi “AstraZeneca” da peyvəndinin orta effektivliyini 70 % kimi qiymətləndirib.
Peyvənd hazırlanmasındakı irəliləyiş pandemiya dövründə neft bazarını təsir edən tələbatla bağlı narahatlığı azaldır. Tədricən vaksinasiyaya başlanması və pandemiyanın sona çatması xammala olan tələbata birbaşa təzyiq göstərən hərəkət məhdudiyyətlərinin aradan qaldırılması, eyni zamanda dünya iqtisadiyyatının mərhələli şəkildə bərpa olunması və böhrandan çıxması deməkdir.