Bu gün səhərki hərraclara nisbətən günorta saatlarında neftin qiymətləri 1,3 faizə qarşı 2 faiz ucuzlaşıb.
“Report” xəbər verir ki, “Brent” markalı neftin fevral fyuçersləri 1,97 faiz ucuzlaşaraq 47,3 ABŞ dollarından, yanvar fyuçersləri 1,87 faiz ucuzlaşaraq 47,28 ABŞ dollarından, WTI markalı neftin isə yanvar fyuçersləri 1,67 faiz ucuzlaşaraq 44,77 ABŞ dollarından satılıb.
Bu ucuzlaşmanın mühüm səbəbi kimi OPEC+ formatı Nazirlər Monitorinq Komitəsinin dünən keçirilən qeyri-rəsmi iclasında hasilatın ixtisarına dair məlum razılaşmanın 2021-ci ildə necə olacağı barədə yekdil fikir söylənməməsi hesab olunur.
“Reuters” xəbər verib ki, OPEC+ formatı çərçivəsində hazırda qüvvədə olan hasilat həcminin gələn ilin birinci rübünə və yaxud dörd ayına şamil etmək, yaxud da yanvar ayından etibarən hasilat ixtisarını aybaay azaltmaq variantları müzakirə olunur.
Xatırladaq ki, 30 noyabr – 1 dekabr tarixlərində keçirilən iclaslarda əvvəlcə nəzərdə tutulduğu kimi gələn ilin yanvar ayından hasilatı 1,9 milyon barel artırmaq, yoxsa pandemiyanın ikinci dalğası üzündən neftə tələbatın ləng dirçəldiyinə görə bu məsələni bir müddət təxirə salmaq barədə qərar verilməlidir. Bu gün buna dair qərar OPEC tərəfindən verilməlidir.
Xatırladaq ki, noyabr ayı ərzində koronavirusa qarşı yeni dərmanlara dair nikbinlik nəticəsində neft qiymətləri 25 faizədək artıb.