OPEC-ə üzv ölkələr cari ilin yanvar ayında gündəlik hasilatı 181 min barel artıraraq 25,5 milyon barelə çatdırıb.
“Report” təşkilatın fevral hesabatına istinadən xəbər verir ki, bu nailiyyət daha çox Səudiyyə Ərəbistanı, İran və Venesuelanın hesabına əldə edilib.
Xatırladaq ki, OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair məlum razılaşmada 13 OPEC ölkəsinin 10-u iştirak edir. Həmçinin sanksiyalara məruz qalan İran və Venesuela, daxili müharibənin fəsadları ilə üzləşən Liviya həmin öhdəliklərdən azad olunur. Yanvar ayında razılaşma iştirakçısı ölkələrində gündəlik hasilatı 22,1 milyon barelə qarşı 21,76 milyon barel təşkil edib. Nəticədə OPEC ölkələri bazara gündəlik 4,56 milyon barel əvəzinə, 4,9 milyon barel az neft çıxarıb. Bütövlükdə OPEC ölkələri razılaşma öhdəliklərini 108 faiz yerinə yetirib.
O cümlədən Səudiyyə Ərəbistanı gündəlik hasilatı 89 min barel artıraraq 9,05 milyon barelə, Venesuela 72 min barel artıraraq 487 min barelə, İran 62 min barel artıraraq 2,08 milyon barelə çatdırıb.