OPEC+ formatının iştirakçısı ölkələri neft hasilatının ixtisarına dair razılaşmanı fevral ayında 137 faiz yerinə yetirib.
“Report” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir ki, alyans ölkələri razılaşma ilə nəzərdə tutulan səviyyədən 1,1 milyon barel az neft istehsal edib. O cümlədən OPEC ölkələri razılaşmanı 139 faiz, qeyri-OPEC ölkələri də 132 faiz icra edib.
Beləliklə, fevral ayında OPEC+ formatının 23 iştirakçı ölkəsi gündəlik hasilatı (hazırkı rejimə görə 400 min barel əvəzinə) 350 min barel artıraraq 44,14 milyon barelə çatdırıb. Bu artımın üçdə ikisinə qədəri neft hasilatının ixtisarına dair hər hansı öhdəlik daşımayan İran, Liviya, Venesuelanın payına düşür.
Alyans ölkələrinin hasilatla bağlı razılaşmada nəzərdə tutulandan az neft istehsal etməsinin daha çox texniki problemlərlə bağlı olduğu bildirilir.