Bu ilin I rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 41 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 6 milyon ABŞ dolları xərclənib.
“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 2020-ci ilin birinci rübü ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 16 milyon ABŞ dolları və ya 64 % artıb.
Ötən rüb illik müqayisədə əsas ixrac boru kəmərinin əsaslı xərcləri isə 3 milyon ABŞ dolları və ya 2 dəfə artıb.
Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 482 milyon ton (3,62 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 729 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Ceyhan terminalında rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neft və kondensat 70 tankerə yüklənib və yola salınıb. I rübdə BTC ilə nəqlin həcmi illik müqayisədə 13 % azdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən tranzit nefti nəql olunur.
Qeyd edək ki, "BTC Ko."nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %, 16 aprel tarixindən “Chevron” şirkətini əvəz edib); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.