Azərbaycan enerji ölkəsidir, ənənəvi olaraq neft istehsal edir, hazırda qaz istehsalı ilə, indi isə biz bərpa olunan enerji istehsalı güclərinin artırılması üzərində işləyirik.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində təşkil edilən enerji təhlükəsizliyi ilə bağlı panel müzakirələrində çıxışı zamanı deyib.
O bildirib ki, ümumiyyətlə Azərbaycan enerji istehsalı ilə həm regionda, həm də beynəlxalq aləmdə öz töhfəsini verən ölkədir: “Ona görə də, Azərbaycan dünya enerji təşkilatlarında hər zaman aktivdir. Bu gün də Antalya forumu çərçivəsində sözsüz ki, mövcud enerji problemləri ətraflı müzakirə olunub. Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq nəhəng enerji layihələri, xüsusən Cənub Qaz Dəhlizinin aktuallığı qeyd olunub”.
P. Şahbazovun sözlərinə görə, bu layihənin inkişaf etdirilməsi, onun gücünün, potensialının artırılması növbəti dövrdə ən vacib məsələlərdən biri olacaq: "İki gün əvvəl Prezident İlham Əliyev Ankarada səfərdə olarkən Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə enerji məsələləri, enerji əməkdaşlığı xüsusi yer alıb və Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığını bundan sonra da aktiv şəkildə inkişaf etdirilməsi haqqında razılıq əldə olunub. Buna görə də, biz də bu istiqamətdə işləyəcəyik".