Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb” Bu ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 % artırıb.
Energetika
16 Mart , 2023 11:10
Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

Bu ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 % artırıb.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.

Nazirin sözlərinə görə, Azərbaycan Avropaya 1,9 milyard kubmetr həcmində qaz tədarük edib.

P. Şahbazov bildirib ki, bu müddət ərzində Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub.

Nazir qeyd edib ki, yanvar-fevral aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 0,9 milyard kubmetr qazla təchiz edib.

Xatırladaq ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə Türkiyə və Gürcüstan bazarlarına çatdırılır. Bu kəmərlə ilk qaz Türkiyə və Gürcüstan bazarına 2007-ci ildə daxil olub. və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyə və Gürcüstana Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Son xəbərlər

Orphus sistemi