Pərviz Şahbazov: “Təbii qazla yanaşı, Azərbaycan Avropa üçün “yaşıl” enerji üzrə də yeni təchizat mənbəyi ola bilər”

Pərviz Şahbazov: “Təbii qazla yanaşı, Azərbaycan Avropa üçün “yaşıl” enerji üzrə də yeni təchizat mənbəyi ola bilər” Çıxışda qlobal enerji tədarükü sistemində baş verən proseslər fonunda enerji təhlükəsizliyinin təminatı, enerji keçidi, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi artan rolu və Körfəz ölkələri ilə “yaşıl” enerji sahəsində tərəfdaşlıq əlaqələrindən bəh
Energetika
9 May , 2022 15:19
Pərviz Şahbazov: “Təbii qazla yanaşı, Azərbaycan Avropa üçün “yaşıl” enerji üzrə də yeni təchizat mənbəyi ola bilər”

Təbii qazla yanaşı Azərbaycan Avropa üçün “yaşıl” enerji üzrə də yeni təchizat mənbəyi ola və enerji təchizatının diversifikasiyasına daha çox töhfə verə bilər.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi” çərçivəsində panel müzakirələrində çıxışı zamanı bildirib.

Çıxışda qlobal enerji tədarükü sistemində baş verən proseslər fonunda enerji təhlükəsizliyinin təminatı, enerji keçidi, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi artan rolu və Körfəz ölkələri ilə “yaşıl” enerji sahəsində tərəfdaşlıq əlaqələrindən bəhs edilib.

Nazir enerji təchizatı ilə bağlı hazırkı qeyri-ordinar vəziyyətdə dayanıqlı enerji təhlükəsizliyinin çoxistiqamətli diversifikasiya ilə mümkün ola biləcəyini vurğulayıb: “Yalnız enerji idxal mənbələri, başqa sözlə təchizatçılar deyil, enerji balansında resursların da müxtəlifliyi təmin edilməlidir. Yalnız bərpa olunan enerji və ya ancaq karbohidrogenlərə əsaslanan enerji təminatı da bir o qədər dayanıqlı deyil.”

Energetika naziri hazırda bərpa olunan enerji mənbələrinə belə ekoloji deyil, enerji təhlükəsizliyi aspektində vurğu edildiyini və bu bağlılıqda enerji keçidinin hədəfinin də “xalis sıfır” emissiyadan alternativ təchizat mənbələrinə doğru dəyişdiyini bildirib.

Nazir “yaşıl” enerjinin inkişafına, enerji keçidinin sürətlənməsinə enerji təchizatı mənbələrinin diversifikasiyası kontekstində yanaşmanın yalnız emissiyaların azaldılmasına, bu məqsədlə hətta təbii qazın enerji balansından tamamilə çıxarılmasına yönəlmiş siyasətlər ilə müqayisədə daha rasional və effektli olduğunu söyləyib. Bildirilib ki, enerji keçidinin, “xalis sıfır” hədəfinə doğru yolun hamarlığı enerji təhlükəsizliyinin təminatı ilə birbaşa bağlıdır.

Energetika naziri, həmçinin daxili resursları, şaxələndirilmiş enerji balansı və tədarük bazarları hesabına Azərbaycanın dayanıqlı enerji müstəqilliyi ilə seçilən ölkələrdən olduğunu qeyd edib. Azərbaycanın neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpa olunan enerjinin ixracı ilə genişləndirməyi planlaşdırdığı diqqətə çatdırılıb.

Bu məqsədlə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr barədə məlumat verilib. Azərbaycanın 470 meqavatlıq layihələrlə Körfəz ölkələri nümunəsində yeni tərəfdaşlar qazandığı qeyd edilib. Bildirilib ki, Azərbaycanın “yaşıl” enerji kursu və zəngin potensialı sayəsində bu tərəfdaşlığın daha iri həcmli layihələrlə möhkəmləndirilməsi, regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfələri artırmaq gündəmdədir.

Son xəbərlər

Orphus sistemi