Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin imkanlarını reallaşdırmaq üçün çox cəlbedici ölkədir.
Bunu “Report”a açıqlamasında politoloq, Cənubi Koreyanın Hanquk Universitetinin professoru Rövşən İbrahimov deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üçün əlverişli şəraitin yaradılması ilə bağlıdır: “Azərbaycanda günəşli və küləkli günlər digər ölkələrlə müqayisədə xeyli çoxdur”.
Bundan başqa, politoloq vurğulayıb ki, Azərbaycan artıq əlavə enerji resurslarının ixracı üçün lazımi infrastrukturu formalaşdırır: “Məsələn, Gürcüstan, Türkiyə vasitəsilə ixrac üçün lazımi infrastruktur yaradılıb. Üstəlik, elektrik enerjisinin Qara dəniz vasitəsilə Avropaya çatdırılmasına şərait yaradılması da nəzərdə tutulur. Ötən ilin dekabrında bununla bağlı zəruri sənədlər də imzalanıb”.
Azərbaycan ilə BƏƏ arasında siyasi sahədə əməkdaşlığı şərh edən ekspert qeyd edib ki, ölkələr arasında münasibətlər hər zaman müsbət istiqamətdə inkişaf edib: “İqtisadi əməkdaşlığın intensivliyi artdıqca iki ölkə arasında siyasi əlaqələr də genişlənəcək”.
Xatırladaq ki, Bərpa olunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
Qeyd edək ki, yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Masdar” şirkəti arasında Azərbaycan 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.