Rumıniya tezliklə Azərbaycandan enerji resurslarının idxalı ideyasını həyata keçirməyə ümid edir.
Bu barədə “Report”a açıqlamasında Buxarest Universitetinin beynəlxalq münasibətlər, təhlükəsizlik sahəsində tədqiqatlar və dövlət siyasəti fakültəsinin professoru Karp Radu məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz” şirkəti arasında uğurlu əməkdaşlığın uzun tarixi var: “Xüsusilə Qara dəniz regionundakı siyasi-iqtisadi əlaqələrin əhəmiyyəti Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən strateji münasibətlər kimi qəbul edildikdən və reallığa çevrildikdən bəri Rumıniyanın Azərbaycanla hər zaman çox yaxşı münasibətləri olub”.
O əlavə edib ki, Azərbaycan təbii qazının tədarükünə dair bu ilin fevralında imzalanmış sazişlə iki ölkə arasında əməkdaşlıq ən yüksək zirvəyə çatıb.
Professor xatırladıb ki, Rumıniya Prezidenti Klaus Yohannis 2023-cü ilin fevralın əvvəlində Bakıya səfəri iki ölkənin əməkdaşlığa marağının səviyyəsini yaxşı nümayiş etdirir.
Digər tərəfdən, politoloq vurğulayıb ki, Azərbaycan təbii qazı hələ Rusiyanın əvvəllər Aİ ölkələrinə ixrac etdiyi “mavi yanacağ”ın yalnız 10-15 %-ni ödəyə bilər: “Lakin əminəm ki, Azərbaycan Aİ-nin Rusiya təbii qazından asılılığından xilas olmaq istəyini tam dərk edərək addımlar atacaq”.
Məlum olduğu kimi, Azərbaycan və Aİ Xəzər dənizinindəki yataqlardan Avropaya enerjidaşıyıcıların tədarükünün artırılması üzrə birgə addımların atılması barədə razılığa gəlib və bu istiqamətdə danışıqlar aparılır.