Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 30 yeni kiçik su elektrik stansiyasının (KSES) istismara verilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-yə məxsus "Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi" MMC-nin direktoru Oqtay Pirverdiyev bildirib.
"İndiyə qədər Qarabağda 4 KSES istismara verilib. Onlardan biri Laçındakı "Güləbird" KSES-dir ki, iki aqreqatı var və gücü 7,5MVT-dır. İkincisi "Kəlbəcər" KSES-dir ki, bir aqreqatı var və gücü 4 MVT-dır. Bundan əlavə "Suqovuşan-1" KSES-də olan 3 aqreqatın hər birinin gücü 1,6 MVT, ümumi gücü 4,8 MVT, "Suqovuşan-2" KSES-də olan 3 aqreqatın isə hər birinin gücü 1 MVT, ümumi gücü isə 3 MVT-dır. Hazırda bu 4 stansiya normal rejimdə fəaliyyət göstərir və yaxın aylarda daha 5 SES-in istismara verilməsi üçün işlər aparılır", - deyə o qeyd edib.
Bundan başqa, "Azərenerji" rəsmisi deyib ki, Suqovuşanda olan KSES-lərin fəaliyyəti üçün lazım olan su Sərsəng su anbarından gəlir: "Oranın rejiminə uyğun olaraq biz öz işimizi görürük. Əsasən yaz daşqın suları dövründə suyun səviyyəsi yüksək olur və artıq olan suyu biz Tərtər çayına ötürürük. Amma avqust-sentyabr aylarında suyun səviyyəsi az olur. Ssuqovuşanda istehsal edilən elektrik enerjisi Talış və Suqovuşan kəndlərinin elektrik enerjisi ilə təchizatı üçün istifadə edilir. Həmçinin 35 kV-luq kabellə Tərtər yarımstansiyasına birləşir. "Suqovuşan-1" KSES-in illik istehsal gücü 13,8 mln kVt/saat, "Suqovuşan-2" KSES-in isə illik istehsal gücü 7 mln kVt/saatdır".