Qarabağda 50-dən çox elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır

Qarabağda 50-dən çox elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda ümumi gücü 320 meqavatdan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır.
Energetika
3 Noyabr , 2022 12:16
Qarabağda 50-dən çox elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda ümumi gücü 320 meqavatdan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.

"Ümumi gücü 33,4 meqavat olan 7 kiçik su elektrik stansiyasının bərpa-tikintisi həyata keçirilir. İki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır. Bunlardan əlavə, yaxın illərdə Araz çayı üzərində 140 meqavat gücündə "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyalarının istismara verilməsi də regionun "yaşıl" inkişafına öz töhfəsini verəcək", - nazir bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır və bu potensial əsasında 4 il ərzində ümumi gücü 780 meqavat olan külək, günəş və iri su elektrik stansiyalarının inşası nəzərdə tutulur.

P. Şahbazov Qarabağda bərpa olunan enerji növlərinin inkişafı ilə bağlı xarici investorlarla görülən işlərdən danışıb:

"Hazırda bu istiqamətdə BP şirkəti ilə Cəbrayılda illik təxminən 500 milyon kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılan 240 meqaavat gücündə "Şəfəq" günəş elektrik stansiyası layihəsi üzrə işlər aparılır. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 geqavat gücündə, növbəti mərhələdə isə 6 geqavat gücündə həyata keçirəcəyimiz günəş və külək enerjisi layihələrinin bir qismi məhz bu əraziləri əhatə edir. Beləliklə bərpa olunan enerji növlərinin işğaldan azad edilmiş ərazilərimizdə də xarici investisiya hesabına inkişafı artıq reallıqdır".

P. Şahbazov qeyd edib ki, bu bölgədə kiçik su elektrik stansiyalarının bərpası, Laçın və Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir.

Son xəbərlər

Orphus sistemi