ABŞ Prezidenti Cozef Bayden Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının zirvə görüşündə iştirak etmək üçün iyun ayın sonlarında Yaxın Şərqə səfər etməyi planlaşdırır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Bayden Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşəcək və neft hasilatının artırılması məsələsini müzakirə edəcək.
Məlumata görə, Bayden G7 ölkələrinin iyunun 26-dan 28-dək Almaniyada keçiriləcək sammitində, həmçinin iyunun 28-dən 30-dək NATO-nun İspaniyada keçiriləcək görüşündə də iştirak edəcək.
Yaxın Şərqə səfər ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərin möhkəmlənməsinə yönəlib. Rəsmi Vaşinqton benzinin yüksək qiymətlərinə qarşı mübarizə yolları axtarışındadır.
Xatırladaq ki, qapalı regional beynəlxalq təşkilat olan Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasına Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman daxildir.