Rusiya Türkiyədən keçən “Türk axını” qaz boru xətti ilə Macarıstan və Xorvatiyaya təbii qaz göndərməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Interfax” məlumat yayıb.
Rusiyanın enerji şirkəti “Gazprom” şirkəti qazın Türkiyə, Bolqarıstan və Serbiyadan keçdiyini açıqlayıb.
Ukraynanın milli qaz şirkəti “Naftoqaz” açıqlamasında Rusiyanın Ukrayna üzərindən Macarıstana qaz axınını kəsdiyini və bununla da, mövcud müqavilələri pozduğunu bildirib.
Xatırladaq ki, Rusiya qazı əvvəllər Ukrayna üzərindən Macarıstana və Xorvatiyaya göndərilirdi. Rusiya həm “Türk axını”, həm də Baltik dənizinə çəkdiyi "Şimal axını" xətti ilə illərdir gərginlik içində olduğu Ukraynadan keçən boru kəmərlərinə möhtac olmadan Avropaya ötürməyi hədəfləyir.
Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Türk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 milyard kubmetrdir.