Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb Səngəçal terminalından təqribən 127 mln barel neft və kondensat ixrac edilib
Energetika
13 Avqust , 2020 14:38
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

Bu ilin 6 ay ərzində Səngəçal terminalından təqribən 127 mln barel neft və kondensat ixrac edilib.

 “Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2020-ci ilin I yarısının yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu həcmin 111 mln bareli Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 16 mln bareli Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixracın payına düşüb.

Terminaldan irxac olunan neft və kondensatın həcmi ötən ilin müvafiq dövründən 5% azdır.

İlk iki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51,1 mln kubmetrdən çox (təqribən 1 milyard 805 milyon kubfut) “Şahdəniz” qazı ixrac edilib. Bu həcm isə ötən ilin müvafiq dövründən 11% çoxdur.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 mln standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 101mln standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Orphus sistemi