İngiltərə-Niderland birgə şirkəti olan “Shell” Rusiyada yanacaq satmağı dayandırır, bununla belə şirkətin yanacaqdoldurma məntəqələrindəki kafe və mağazalar fəaliyyətini davam etdirir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi jurnalistlərə bildirib.
Xatırladaq ki, daha əvvəl “Shell” şirkəti Rusiyadakı yanacaqdoldurma məntəqələrinin və Tver vilayətində yerləşən sürtkü materialları istehsalı zavodunun fəaliyyətini dayandırmağı və başqa şirkətə satmağa hazırlaşdığını açıqlayıb. Daha sonra bu aktivləri “Lukoil” şirkətinin alacağı bildirilib.
May ayında “Lukoil” şirkəti və “Shell”in törəmə şirkətləri arasında imzalanmış müqaviləyə görə “Shell neft” MMC Rusiya şirkətinə satılır. 411 yanacaqdoldurma məntəqəsinin daxil olduğu şəbəkə və Tver vilayətində yerləşən sürtkü materialları istehsalı zavodu bu müəssisəyə məxsusdur.