Bu ilin avqust ayında Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 4,8 min ton avtomobil benzini idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.
Məlumata görə, bu, iyul ayı ilə müqayisədə 0,8 min ton və yaxud 20 % çoxdur. Azərbaycan şirkətinin idxal etdiyi benzin Litvadan gətirilib.
Ümumilikdə, ötən ay Ukraynaya 137,6 min ton avtomobil benzini idxal edilib. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 26% çoxdur. İdxalın 101 min tonu Belarusdan həyata keçirilib. Litvadan isə Ukraynaya 36,6 min ton avtomobil yanacağı idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 75% çoxdur.
Bu ilin yanvar-avqust aylarında isə Ukraynaya 814 min ton avtomobil benzini idxal edilib ki, bu da ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 16% çoxdur.