Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Trading” şirkəti İsrailin Aşkelon limanına 85 min ton xam neft tədarük edib.
Bu barədə “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verib.
Məlumata görə, bu xam neft həcmləri “Siberian Light” markalı neft olub.
Bildirilir ki, İsrailə tədarük edilən bütün neft həcmləri mayın 9-da Novorossiysk limanında yüklənib və İsrailə mayın 15-də çatdırılıb.
Xatırladaq ki, bundan əvvəl məlumat verilmişdi ki, SOCAR Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin nəqlini dayandırıb. Şirkət may ayında Bakı-Novorossiysk boru kəməri üçün nəzərdə tutulan həcmləri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru ixrac kəmərinə yönləndirəcək.
Qeyd edək ki, “SOCAR Trading” dünyanın 100-dən çox neftayırma zavoduna neft tədarük edir və bütün əsas beynəlxalq bazarlarda mövcuddur. Bu gün “SOCAR Trading” ən böyük ticarət şirkətlərindən biridir və satdığı neftin böyük hissəsi Azərbaycanda hasil edilməyən neftdir.