İlk xəbər saat 13:20-də verilib
Dövlət Neft Şirkətinin (SOCAR) Gorus-Qafan yolundakı yanacaqdoldurma məntəqəsinin (YDM) açılışı olub.
"Report" xəbər verir ki, məntəqə Qubadlı rayonunun Eyvazlı kəndində fəaliyyət göstərir.
Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.
"Bu gün bizim üçün xoş gündür. Şərqi Zəngəzurda ilk YDM açılır. Azərbaycan ordusu bu torpaqları Ali Baş Komandanın rəhbərliyi ilə, 44 günlük Vətən Müharibəsi nəticəsində geri qaytarıb. Artıq ölkə prezidentinin başçılığı ilə işğaldan azad edilmiş ərazilərdə abadlıq və quruculuq işlərinə başlayıb. Açılışını etdiyimiz bu YDM-də həm azərbaycanlı sürücülər, həm də beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sürücüləri yanacaq doldura bilər. YDM-də "Kapital Bank" ASC xidmət göstərir və onun vasitəsilə müştərilər istədikləri valyutada ödəniş edib yanacaq ala biləcəklər", - deyə o, qeyd edib.
Bundan başqa, R.Abdullayevin sözlərinə görə, Şuşa, Ağdam və Füzulidə də yeni YDM-lərin tiklir, paralel olaraq işğaldan azad edilmiş ərazilərin təbii qazla təchizatı məsələsinə baxılır: "Hazırda qaz təchizatı ilə bağlı layihələndirmə işləri aparılır və tezliklə tikinti işlərinə də başlanacaq. İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri əhalinin yaşamağa başlaması ilə paralel qazlaşdırılacaq. Düşünürəm ki, cənab prezidentin istədiyi kimi, bu torpaqlar çiçəkli yaşayış məntəqələrinə çevriləcək".