İki ildən çoxdur ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünün Karbamid Zavodunun timsalında ölkədə qeyri-neft sektorunun inkişafına tövhə verir. Bu layihə ölkə “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və “Sənayenin İnkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilib.
Məqsəd azot gübrəsi idxalından asıllığın aradan qaldırılması, yerli fermerlərin sərfəli qiymətlərlə azot gübrəsinə olan tələbatının ödənilməsi və nəticədə ölkədə kənd təsərrüfatının inkişafına əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, karbamidin idxalı ilə bağlı sərf edilən xarici valyutanın ölkə ərazisində qalması, karbamidin ixrac edilməsi vasitəsilə valyuta gəlirlərinin artırılması, təbii qazın xammal qismində deyil, emal edilmiş məhsul şəklində satışı vasitəsilə gəlirlərin artırılmasıdır.
2019-cu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı edilən zavod ilin may ayından karbamid məhsulunun satışı həyata keçirməyə başlayıb. Lakin, zavodun zəmanət dövrü çərçivəsində baş podratçı şirkət - “Samsung”un həyata keçirdiyi sınaq-sazlama işləri əsnasında bir sıra avadanlıqlarda qüsurların aşkarlanması səbəbindən zavodun tam gücü ilə istismar edilməsi mümkün olmayıb.
Ötən il dünyada koronavirusla (COVID-19) bağlı yaranmış vəziyyət, eləcə də ölkədə tətbiq edilmiş hərbi vəziyyətlə əlaqədar sözügedən avadanlıqların tam təmiri üçün xarici istehsalçı şirkətlərin nümayəndələrinin zavoda səfəri təxirə salınıb. Odur ki, işlər bu ilin yanvar-aprel aylarında həyata keçirilib və aprelin sonundan zavodun fəaliyyəti bərpa edilib. Baş podratçı şirkətə məxsus qüsurların aradan qaldırılması zəmanətə daxil olunduğundan zavod üçün əlavə xərc yaratmayıb.
Baş podratçı şirkət tərəfindən zavodun tam gücü ilə fəaliyyət göstərməsinə mane olan səbəblər aradan qaldırıldıqdan sonra cəmi 2,5 ay ərzində təxminən 120,5 min ton məhsul istehsal edib. Hazırda müəssisə tam gücü ilə karbamid istehsal edir, həm daxili, həm də bazarlarda satır. Ölkə daxilində karbamidə olan tələbat tam ödənilməklə idxaldan asılılıq aradan qaldırılıb. Daxili bazarda karbamid yerli fermerlərə güzəştli qiymətlərlə (420 manat/ton) satılır. Xarici bazarlara satış qiyməti isə 415-420 ABŞ Dolları təşkil edir.