Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adı ilə əlaqələndirilən müəyyən şəkillər yayılmaqdadır.
“Report”un məlumatına görə, bunu “Facebook” sosial şəbəkəsində SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, şəklin birində iki əsgər sanki, cəbhədə və ya azad olunmuş ərazilərdə divarın qarşısında durub. Divarın üzərində isə "SOCAR 2020" yazılıb: “Əvvəla bunu bildirim ki, bütün Vətən övladları kimi, əlbəttə, SOCAR-ın işçiləri də bu gün Vətənin keşiyindədir. Arxa cəbhədə qalıb Vətən uğrunda çalışanlar isə ön cəbhəyə yollanmaq üçün Səfərbərlik Xidmətinin çağrısını gözləyir və hər birimiz bu intizarla yaşayırıq. Vətənə xidmət etmək hər bir vətəndaş üçün ən uca şərəf və ən böyük səadətdir. Vətənin xidmətində olan həmkarlarımız başımızın tacıdır. Biz onlarla fəxr edirik. Onlar SOCAR-ın və bütün Azərbaycan millətinin qürurudur”.
Bununla belə, SOCAR rəsmisi çağırış edərək bildirib ki, hərbi xidmətdə olarkən özbaşına heç bir şəkil, video və ya məlumat paylaşmasınlar: “Cəbhə bölgəsindən, özəlliklə yeni azad olunmuş ərazilərdən məlumatların və ya şəkillərin paylaşılması yalnız müvafiq dövlət qurumlarının səlahiyyətindədir. Özünün və əsgər yoldaşlarının təhlükəsizliyini qorumaq üçün hər bir əsgər müvafiq qaydalara son dərəcə ciddi riayət etməlidir. Allah hamınızı qorusun, millətimizə də tezliklə zəfər, izzət və əmin-amanlıq bəxş etsin!”.