Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji”nin sahib olduğu “Bursagaz” şirkəti Bursanın üç qəsəbəsinə təbii qaz verib.
“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, artıq “SOCAR Türkiye” Bursanın Orhaneli, Böyükorhan və Harmancıq kəndlərinə də təbii qaz xətlərinin çəkilişini tamamlayıb.
Məlumata görə, Türkiyənin ən iri xarici investoru olan SOCAR bu layihəyə 93 milyon türk lirəsi vəsait sərf edib. Bu, “Bursagaz”ın lisenziya aldıqdan sonra Keleş qəsəbəsindən sonra qazlaşdırdığı növbəti dağ kəndləridir.
Bundan sonra bu dağ kəndlərinin sakinləri də rahat və təhlükəsiz yanacaqla təmin ediləcək.
Qeyd edək ki, iyunun 17-də Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri bu ilin yanvar ayında imzalanıb.
“SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.