Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə "SOCAR Energy Ukraine" şirkəti mayın 15-dən etibarən özünün yanacaqdoldurma məntəqələrində (YDM) premium yanacaq növlərinin və benzinin satışını dayandırıb.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Bildirilir ki, bu qərar Ukrayna Nazirlər Kabinetinin dizel yanacağı və benzinin orta qiymətinə əlavə dəyər həddini tətbiq etməsi ilə əlaqədar verilib.
Bu qərarla neft məhsulları bazarında qiymətlərin dövlət tənzimlənməsi tətbiq olunub.
"SOCAR Energy Ukraine" şirkətinin yaydığı məlumatda deyilir ki, Azərbaycan şirkəti Ukraynada "NANO 95", "Diesel Nano Extra" premium yanacaq növlərinin satışını müvəqqəti olaraq dayandırıb: “Həmçinin şirkət mayın 15-dən etibarən məhdudiyyətlər nəzərə alınmaqla yanacağın baza növlərinin qiymətlərində dəyişikliklər edib”.
Qeyd edək ki, SOCAR ilə bərabər ОККО, WOG şirkətləri də premium yanacaq növlərinin və benzinin satışını dayandırıblar.