SOCAR və KMG Satti qazma qurğusunu “Dayazsulu Abşeron”da istifadə edəcək

SOCAR və KMG Satti qazma qurğusunu “Dayazsulu Abşeron”da istifadə edəcək Quyunun qazılmasına 2021-ci ilin ikinci rübündə başlanacaq
Energetika
26 Fevral , 2021 17:33
SOCAR və KMG Satti qazma qurğusunu “Dayazsulu Abşeron”da istifadə edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” (KMG) milli neft şirkət Abşeron yarımadasının dayazsulu ərazilərində Satti qazma qurğusunun istifadəsinə dair müqavilə imzalayıblar.

Bu barədə “Report” Qazaxıstanın “Samruk-Kazına” dövlət fondunun mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilir ki, KMG Satti qazma qurğusunu 2019-cu ilin iyun ayında etibarlı idarəetmə üçün SOCAR-ın törəmə “Caspian Drilling Company” (CDC) şirkətinə təhvil verib. Azərbaycan şirkəti isə qurğunu modernləşdirməli idi.

Məlumatda deyilir ki, “KMG Drilling & Services və CDC SOCAR və BP şirkətlərinin birgə kəşfiyyat işləri apardığı Xəzər dənizinin Azərbaycan sektorundakı Satti qazma qurğusu ilə quyu qazma müqaviləsi imzalayıb.

Bildirilir ki, Qazaxıstan qazma qurğusu “British Petroleum Absheron Limited” şirkətinin operatoru olduğu və idarə etdiyi Xəzər dənizinin Azərbaycan sektorundakı "Dayazsulu Abşeron" (Shallow Water Absheron Peninsula SWAP) layihəsində istifadə edilməsi planlaşdırılır.

Xatırladaq ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

Blokun operatoru “BP-Azerbaijan” şirkətin məlumatında bildirilib ki, quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra başlamaq nəzərdə tutulur.

Bildirilir ki, quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2020-ci ilin avqustun 28-də ictimaiyyətə açıqlanıb. İki aylıq açıqlama müddəti bitdikdən sonra sənəd yenilənib yenidən hökumətə təqdim edilib. Sənədin təsdiqi ilə müvafiq icazələr alınmaqla quyunun qazılmasına 2021-ci ilin ikinci rübündə başlanacaq.

Daha öncə qeyd edilirdi ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işləri bu ilin birinci rübündə start veriləcək.

Xəbər verildiyi kimi, 16 fevral 2019-cu il tarixində “KazMunayGas” Satti qazma qurğusunu SOCAR-ın etibarlı idarəetməsinə verməyə razı olub. Razılaşmalara əsasən, Qazaxıstan qazma qurğusu Xəzərin Azərbaycan sektorunda kəşfiyyat quyularının qazılmasında istifadə ediləcək.

"Satti" qazma qurğusu tam olaraq Qazaxıstanda inşa edilmiş ilk qurğudur. Həm dayaz suda, həm də dənizin böyük dərinliklərində 6 km-ə qədər quyu qazmaq üçün istifadə edilə bilər. İnşaat üç ildir ABŞ texnologiyalarına əsasən iki gəmiqayırma zavodunda aparılıb. Qazma qurğusunun dəyəri 270 milyon ABŞ dolları təşkil edib.

“KMG Drilling & Services” Qazaxıstanın milli neft-qaz şirkəti olan “KazMunayGas”ın törəmə şirkətidir.

Son xəbərlər

Orphus sistemi