Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprom” neft-qaz şirkətinin rəhbəri Aleksey Millerlə görüşüb.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ikitərəfli görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXIV Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Məlumata görə, SOCAR prezidenti “Qazprom” rəhbəri ilə qaz sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etdilər.
Müzakirənin mahiyyəti açıqlanmır. Ancaq mümkündür ki, söhbət Rusiya qazının Azərbaycana tədarükü ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycan “Şahdəniz” yatağı işə salındıqdan sonra Rusiyadan qaz idxalını dayandırıb. Lakin tədarük 2017-ci ilin noyabrında yenidən bərpa edilib.
Bundan əlavə bildirilib ki, SOCAR 2021-ci ilin mart-aprel aylarında Şimali Qafqaz - Zaqafqaziya qaz kəmərində planlaşdırılmış profilaktik təmir zamanı Ermənistana qaz tədarükünü davam etdirmək üçün Rusiya qazının Gürcüstana nəqlini təmin edib.