Türkiyənin İstanbul şəhərində fevralın 14-15-də Yaxın Şərq, Aralıq dənizi və Mərkəzi Asiyanın təbii qaz istehsal edən ölkələrinin və Avropadan olan istehlakçıların iştirakı ilə İstanbul Qaz Sammiti keçiriləcək.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
O, daha sonra Türkiyədə beynəlxalq təbii qaz qovşağının formalaşdırılması istiqamətində atılan addımlardan bəhs edib.
Nazirin sözlərinə görə, hazırda Türkiyə Bolqarıstanla yanaşı, Şimali Makedoniya, Rumıniya və Moldovaya “mavi yanacaq” nəqli məsələsini müzakirə edir.
F.Dönməz məlumat verib ki, BOTAŞ şirkətinin rəhbəri hazırda Omanda səfərdədir: “Biz Omanla ildə 1,4 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı 10 illik müqavilə imzalamağa hazırlaşırıq”.