Türkiyəli ekspert: “Dostluq” yatağının türk dünyasına müsbət təsirləri olacaq”

Türkiyəli ekspert: “Dostluq” yatağının türk dünyasına müsbət təsirləri olacaq” Hər iki ölkə Azərbaycan, Gürcüstan və Türkiyə boru xətləri ilə Avropaya daha çox enerji sata biləcəklər.
Energetika
27 Yanvar , 2021 14:22
Türkiyəli ekspert: “Dostluq” yatağının türk dünyasına müsbət təsirləri olacaq”

"Azərbaycan və Türkmənistanın Xəzər dənizindəki “Dostluq” neft-qaz yatağının birgə işlədilməsi üçün əldə edilən Anlaşma Memorandumu istər iki ölkə, istərsə də türk dünyasına müsbət təsirləri olacaq".

Bunu “Report”a açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Türkiyənin Ortadoğu Texniki Universitetinin professoru Oktay Tanrısevər bildirib.

Onun sözlərinə görə, əvvəla, bu müqavilə ilə Azərbaycan və Türkmənistan qardaş millət olaraq, uzun müddətdir davam edən, bu problemi çox yaxşı şəkildə paylaşmaq yolu ilə həll edərək aralarındakı əməkdaşlığı məhdudlaşdıran problemdən xilas olublar.

Ekspert bildirib ki, bununla hər iki ölkənin gəlirləri artacaq: “Hər iki ölkə Azərbaycan, Gürcüstan və Türkiyə boru xətləri ilə Avropaya daha çox enerji sata biləcəklər”.

O qeyd edib ki, həmçinin, Türkmənistan yeni ixrac bazarlarına çıxış əldə edəcək və Azərbaycan və Türkiyənin Avropa enerji siyasətlərində önəmi və təsiri artacaq: “İstər bu ölkələrin, istərsə də türk dünyasının iqtisadi gücləri artacağından, bu daha çox vəsait və iqtisadi güc deməkdir”..

O.Tanrısevər vurğulayıb ki, nümunəvi anlaşma ilə problemlərin diplomatiyaya və paylaşmaqla həll edilməsini digər türkdilli dövlətlər də öyrənçəlidirlər və daha yaxın əməkdaşlıq qura biləcəklər.

Sonda O.Tanrısevər bu Anlaşma Memorandumunun Azərbaycan, Türkmənistan və bütün türk dünyası üçün xeyirli olmasını arzulayıb.

Xatırladaq ki, ötən həftə Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Son xəbərlər

Orphus sistemi