“Wood Mackenzie”: “Azərbaycan Xəzərdə hələ də böyük qaz potensialına malikdir”

“Wood Mackenzie”: “Azərbaycan Xəzərdə hələ də böyük qaz potensialına malikdir” “Xəzər dənizinin Azərbaycan sektoru hələ də əlavə qaz ehtiyatlarının aşkarlanması üçün böyük potensiala malikdir”.
Energetika
13 Yanvar , 2023 17:23
“Wood Mackenzie”: “Azərbaycan Xəzərdə hələ də böyük qaz potensialına malikdir”

“Xəzər dənizinin Azərbaycan sektoru hələ də əlavə qaz ehtiyatlarının aşkarlanması üçün böyük potensiala malikdir”.

Bunu "Report"a "Wood Mackenzie" Beynəlxalq Konsaltinq Şirkətinin Xəzər sektoru və Avropa üzrə baş analitiki Eşli Şerman deyib.

"Yaxın bir neçə ildə SOCAR-ın perspektivli “Babək” strukturunda qazılacaq quyular bunu bir daha sübut edə bilər. Lakin ortamüddətli prioritet artıq kəşf edilmiş, lakin işlənilməyən qaz ehtiyatlarının kommersiyalaşdırılması olaraq qalmalıdır. Bura “Abşeron” yatağından tutmuş “Azəri-Çıraq-Günəşli”nin (AÇG) dərinlikdə yerləşən qaz yataqlarına və “Şahdəniz”də əsas məhsuldar lay olan Fasilə layının altındakı ehtiyatlara qədər tammiqyaslı işlənmə daxildir”, - Şerman bildirib.

Onun sözlərinə görə, yalnız bu, Azərbaycanın qaza olan daxili tələbatını idxaldan asılı olmadan ödəməyə, eləcə də ixracını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

"Azərbaycan uzun müddətdir beynəlxalq bazarların etibarlı neft tədarükçüsünə, 2020-ci ildən isə Avropa İttifaqının qaz ixracatçısına çevrilib. Avropanın enerji şaxələndirilməsinə artan ehtiyacı Azərbaycan üçün xüsusən də Cənubi Avropada uzunmüddətli kommersiya və strateji imkanlar açır", - o fikrini tamamlayıb.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropaya tədarükü Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəmərini (TAP) özündə birləşdirən Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə həyata keçirilir. TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə ildə 16 milyard kubmetrə qədər təbii qaz tədarük olunur ki, bunun 6 milyard kubmetri Türkiyə üçün nəzərdə tutulub, qalan 10 milyard kubmetr isə TAP vasitəsilə Avropa İttifaqına tədarük edilir.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ildə respublikadan təbii qaz ixracının ümumi həcmi 18 % artaraq 22,3 milyard kubmetr təşkil edib.

Son xəbərlər

Orphus sistemi