“Xudafərin” və “Qız qalası” SES-lərinin tikintisi 2024-cü ilədək yekunlaşacaq

“Xudafərin” və “Qız qalası” SES-lərinin tikintisi 2024-cü ilədək yekunlaşacaq Hər iki elektrik stansiyasının 716 mln kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə Azərbaycanın və İranın payına düşəcək
Energetika
3 May , 2021 13:55
“Xudafərin” və “Qız qalası” SES-lərinin tikintisi 2024-cü ilədək yekunlaşacaq

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyalarına media-tur təşkil edilib.

"Report" xəbər verir ki, Araz çayı üzərində və İranla sərhəddə yerləşən hər iki SES-in ümumi gücü 280 MVT-dır.

Stansiyalar haqqında jurnalistlərə məlumat verən Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov qeyd edib ki, elektrik enerjisini istehsal edən hidroqovşaqlar və su elektrik stansiyalarının tikintisinin 2-2,5 ilə yekunlaşması gözlənir.

“Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 MVT, “Qız Qalası” stansiyasının ümumi gücü isə 80 MVT-dir. Hər iki elektrik stansiyasının 716 mln kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mln kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.

SES-lərinin inşa edilməsi layihəsi Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hazırlanıb. Adıçəkilən layihə ilə bağlı hələ SSRİ dönəmində ölkələr arasında müzakirələr aparılmış və müvafiq sənədlər imzalanıb”.

Nazirlik rəsmisi qeyd edir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 18 may tarixli 267 nömrəli Qərarı ilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisinin sifarişçisi və podratçısı “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyinə (İTQB), layihə işlərinin görülməsi isə “Bakıhidrolayihə” İnstitutuna həvalə olunub:

“Layihənin sifarişçiləri və podratçıları sayılan İran İslam Respublikasının Energetika Nazirliyinin Şərqi Azərbaycan ərazi su təsərrüfatının səhmdarlar təşkilatı ilə “Azərenerjitikinti” İTQB-nin nümayəndələri arasında 1992-ci ilin 12-24 avqust tarixlərində Bakı şəhərində aparılan geniş müzakirələrdən sonra müvafiq Protokol Sazişi qarşılıqlı təsdiq edilib və layihənin icrası ilə bağlı görülən işlərlə bağlı cədvəllər tərtib edilərək qarşılıqlı şəkildə imzalanıb.

1994-cü il 2 iyul tarixində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Adıçəkilən Memorandumda “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikinti işlərinə başlanılmasına dair razılıq əldə edilib.

Adıçəkilən layihənin icrası ilə bağlı aparılan uzunmüddətli müzakirələrin nəticəsi olaraq stansiyaların tikintisi ilə bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” 23 fevral 2016-cı il tarixdə imzalanıb. Bu Saziş 2016-cı il 14 iyun tarixli 272-VQ nömrəli Qanunla Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.

Adıçəkilən Sazişin 2-ci maddəsinə əsasən, tərəflərin Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi və bir sıra digər vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2017-ci il tarixli 150s nömrəli Sərəncamına əsasən Birgə Texniki Komissiyanın Azərbaycan tərəfinin ilk tərkibi təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 150s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”in 2-ci maddəsinə əsasən yaradılmış Birgə Texniki Komissiyanın ilk iclası 2018-ci ilin 7 may tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilib.

“Xudafərin” su anbarının tutumu 1,612 milyard kubmetr, minimal həcmi isə 117 milyon kubmetr təşkil edir. Su anbarında işlər yekunlaşdırılıb.

“Qız Qalası” hidroqovşağının su tutumu 56,75 milyon kubmetr, minimal həcmi isə 7,5 milyon kubmetr təşkil edir. Su anbarında işlər 95 % tamamlanıb”.

Qeyd edək ki, adıçəkilən hidroqovşaqlar Azərbaycan tərəfində 252 min hektar mövcud əkin sahəsinin suvarılmasının yaxşılaşdırlması və 12 min hektar yeni əkin sahəsinin suvarılmasına da şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi